Bəktaşilər
Bəktaşilik — İslam dinində mövcud təriqətlərdən biri. Şiəliyə yaxındır. Osmanlı Türkiyəsində Yeniçərilərin ideoloji təriqəti hesab olunur.
== Tarixi kökləri ==
Bütün böyük dini sistemlərdə – buddizm, iudaizm, induizm və xristianlıqda özünə yer alan təsəvvüf ideyaları İslamda da ilkin çağlardan özünü göstərib. İslamda bu ideyaları yayanlardan biri bütün türk sufilərinin ulu atası sayılan, əslən Türküstandan olan Əhməd Yəsəvi idi. Türklərin müsəlmanlığı qəbul etməsində onun böyük rolu olub. Yəsəvinin türkcə yazdığı "Divani-hikmət" əsərində müsəlmanlıq təbliğ olunardı. Bu kitabdakı şerləri sufi dərvişlər qopuzların müşayiəti ilə oxuyurdular. Bu dərvişlər ozana bənzədiklərindən türklər onları rəğbətlə qəbul edirdilər. Əhməd Yəsəvinin ən böyük xidmətlərindən biri də türklərin əski inancları ilə müsəlman dəyərlərinin sintezini yaratması idi.