Naxçıvan Əlillərin Bərpa Mərkəzi
Naxçıvan Əlillərin Bərpa Mərkəzi — 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmışdır.
Mərkəzdə 20 çarpayılıq stasionar, funksional müayinə otaqları, fizioterapevtik müalicə kabinələri, müalicəvi idman, trenajor və duş zalları fəaliyyət göstərir. Mərkəz Yaponiya və Almaniya istehsalı olan müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Burada muxtar respublika ərazisində yaşayan əlillər pulsuz bərpa müalicəsi qəbul edirlər. Mərkəzdə, əsasən, fizioterapevtik müalicə metodlarından istifadə olunur. Müalicə elektriklə, işıqla, infraqırmızı və ultra-bənövşəyi lampalarla, aşağı tezlikli, ultra yüksək tezlikli mikrodalğalı aparat vasitəsilə, masajla, müxtəlif duşlarla (sınaq duşu, yağış tipli, toz tipli duş, sirkulyar duş), burulğanlı vanna, parafin vannası ilə aparılır. Bərpa müalicəsi qəbul edənlər pulsuz yeməklə də təmin edilirlər.