102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir.
Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.
128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.