Mikroskop
Mikroskop (yun. μικρός — kiçik və σκοπέω — baxıram) və ya Xürdəbin — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır
Mikroskopların hazırlanması texnologiyası və praktiki istifadəsi mikroskopiya adlanır.
Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evklid (miladdan əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127–151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı görmək mümkün olması ideyasını irəli sürdü. İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxari Yansenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi.