1. İçində heç nə olmayan. Boş qutu. Boş dükan. Boş çamadan. Boş şüşə. – Boş çuval dik durmaz. ( Ata. sözü ).
□ Boş əl ilə məc. – heç bir şey əldə etmədən, heç bir şeyə nail olmadan, əlində heç bir şey olmadığı halda. Boş əl ilə üstümüzə gəldi.
// Yüklənməmiş, içində yükü, miniyi olmayan. Boş araba. Boş vaqon.
// Puç, içində ləpəsi olmayan. Boş qoz. Boş fındıq.
// Heç kəs tərəfindən tutulmamış, azad, sahibsiz. Boş yer. Boş vəzifə.
// Doldurulmamış, gülləsiz. Boş patron. Boş tüfəng.
2. Həlli çətin olmayan, çox sadə, asan. Boş iş. Boş məsələ. Boş bir şey.
3. məc. dan. Ərsiz, ərindən ayrılmış, əri ilə əlaqəsini kəsmiş.
4. Bihudə, əbəs, hədər, əsassız, əsli olmayan. Boş söhbət. Boş ümidlər. Boş zəhmət çəkirsən.
□ Boş danışmaq (söyləmək) – cəfəng danışmaq, bihudə danışmaq, əbəs danışmaq, əsassız danışmaq, yersiz danışmaq.
Boş yerə – 1) əbəs, nahaq. Boş yerə cavab vermədin;
2) səmərəsiz, faydasız, hədər. Vaxtı boş yerə keçirdin.
Boşa çıxarmaq – heçə çıxarmaq, puça çıxarmaq, heç eləmək, nəticəsiz qoymaq.
Boşa çıxmaq – boş olmaq, puç olmaq, hədər getmək, heç bir nəticə çıxmamaq. Bütün səylər boşa çıxdı. Ümidlər boşa çıxdı.
Boşa getmək – bax boşa çıxmaq.
Əli boşa çıxmaq – bax boşa çıxmaq.
5. Asudə, azad, bikar, işsiz, işi olmayan. Boş vaxt. Boş vaxtımda sizə gələrəm.
□ Boş durmaq (oturmaq) – heç bir işlə məşğul olmamaq, işsiz dayanmaq, işləməmək.
6. Yumşaq, məsamələri bir-birinə zəif yapışmış (bərk müqabili). Boş ağac. Boş torpaq. Boş qənd (tezəriyən qənd).
// Sıyıq, duruhal. Boş xəmir. Boş palçıq.
// Qəliz olmayan, tünd olmayan, zəif.
7. Ölçüsündən böyük. Ayaqqabı ayağıma boş olur.
8. Zəif bağlanmış, tarım olmayan, kip bağlanmamış, dartılmamış. Atın yəhəri boşdur, onu bərkitmək lazımdır.
9. Qabırğaların alt tərəfində olan. Boş əti.
10. məc. Məzmunsuz, mənasız, faydasız, qeyri-ciddi, yüngül. Boş kitab. Boş əsər. Boş məqalə.
11. məc. İradəsiz, dayanıqsız, yüngül, ciddiyyətsiz. Boş adam.
□ Boş tutmaq – ciddi baxmamaq, ciddi yanaşmamaq, laqeydlik göstərmək, əhəmiyyət verməmək.