Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əbdüləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor.
Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan rayonunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta məktəbində orta təhsilini 8 il ərzində əla qiymətlərlə başa çatdırmışdır. C.Ə.Azadəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin "Geoloji çəkiliş və faydalı qazıntı yataqlarının axtarışı" şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1959-cu ilin iyun ayından akademik M.Ə.Qaşqayın şəxsi təşəbbüsü ilə AMEA Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat almış, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi, böyük elmi işçi-qrup rəhbəri kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən "Metasomatizm və filizəmələgəlmə" şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildən Bakı Dövlət Universitetinin Faydalı qazıntıların geologiyası kafedrasında saathesabı qaydada pedaqoji fəaliyyətlə məşğul olmuş, 1999-cu ildən indiyədək kafedranın professoru vəzifəsində fəaliyyət göstərir.
1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarnəmələgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci ildə "Plutonogen-üçvəhdətli kontakt-termal metamorfizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləşməsi prosesləri (Kiçik Qafqaz timsalında)" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür.
Professor C.Ə.Azadəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə proseslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokimyası, endogen metallogeniya, genetik mineralogiya və fiziki geokimya, tətbiqi geologiya, geoekologiya elm sahələri üzrə tədqiqatlar aparmışdır.