Elbəyi Sadiq
Elbəyi Maqsudov —
Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur.
1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
"Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir.
Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir.
1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.