Əjdər Ol
Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur.
Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir.
8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir.