Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018).
N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur.
1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir.
Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.