Ecazkar qadın 1984 (film, 2020)
"Ecazkar qadın 1984" (ing. Wonder Woman 1984) — DC Comics nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının səkkizinci filmi və 2017ci ildə çıxarılmış "Ecazkar qadın" filminin sikvelidir. Film, Ceff Cons və Petti Cenkins tərəfindən yazılmış hekayə əsasında Ceff Cons və Devid Kallaham tərəfindən işlənmiş ssenari üzrə Petti Cenkins tərəfindən çəkilmişdir. Filmdə baş rol Qal Qadot, digər rollar isə Kris Payn, Robin Rayt, Kristen Uiq, Pedro Paskal, Konni Nilsen və başqaları tərəfindən canlandırılmışdır. "Ecazkar qadın 1984" filmi, "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi", "Ecazkar qadın" və "Ədalət Liqası" filmlərindən sonra Qadotun ifasında personajın göründüyü dördüncü, sırf personaja həsr edilmiş ikinci filmdir.
2017-ci ilin iyununda "Ecazkar qadın" filminin çıxarılmasından sonra, sikvelin çəkilməsi haqqında müzakirələrə başlanılmış və bir ay sonra filmin sikvelinin istehsal ediləcəyi bildirilmişdir. Filmin əsas çəkilişlərinə 13 iyun 2018-ci ildə start verilmiş, çəkilişlər İngiltərənin Hartfordşir qraflığının Livisden ərazisindəki Warner Bros. studiyasında, ABŞ-də Vaşinqton şəhərində, Böyük Britaniyanın London şəhəri, Kembricşir qraflığının Duxford kəndi, Kanar adalarından olan Tenerife və Fuerteventura adalarında, həmçinin İspaniyanın Almeriya şəhərində və Əndəlüs vilayətində aparılmış, 22 dekabr 2018-ci ildə — altı aylıq çəkilişlərdən sonra isə tamamlanmışdır.