Edi Rama
Edi Rama (alb. Edi Rama; 4 iyul 1964, Tirana) — albaniyalı siyasətçi, sənətçi, yazıçı, publisist, pedaqoq və keçmiş basketbolçu, Albaniyanın 33-cü Baş naziri.
Baş nazir seçilməzdən əvvəl Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Mədəniyyət, Gənclər və İdman Naziri təyin edildi və 2000-ci ilə qədər bu vəzifədə çalışdı. İlk dəfə 2000-ci ildə Tirananın bələdiyyə sədri seçilmiş, ardınca 2003 və 2007-ci illərdə də bu vəzifəni yenidən icra etmişdir. Edi Rama 2005-ci ildən bu yana Albaniya Sosialist Partiyasının sədridir. 2013-cü ildə Edi Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəldi.
== Həyatı ==
4 iyul 1964-cü ildə Albaniyanın Tirana şəhərində Edvin Rama olaraq anadan olub, Kristak və Aneta Ramanın iki övladından ilkidir. Atası Dürresdə anadan olan məşhur heykəltaraş, Albaniyanın kommunist diktatoru Ənvər Xocanın bir çox heykəlinin yaradıcısı Kristak Rama (1932–1998) idi. Anası Aneta Rama (1938–2020) kommunist Albaniya dövründə Siyasi Büronun üzvü olan Spiro Kolekin bacısı, Vloranın cənub-qərbindəki Vuno kəndindən tibb məzunu idi.