Xanı balığı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü.
Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır.
DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.