Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert.
== Haqqında ==
Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.
== Fəaliyyəti ==
=== Elmi və pedaqoji fəaliyyəti ===
O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.O, Bakı Dövlət Universitetində, ADA Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ", "Humanitar hüquq", "Avropa İttifaqının tarixi və qanunvericiliyi" və digər fənnləri tədris etmişdir.