İqtisadiyyat (elm)
İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.
İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:
I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;
II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;
III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;
IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;
V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.
İqtisadiyyata aşağıdakı təriflər vermək olar:
İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir;
İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir;
İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.
İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.
Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır. Bundan əlavə, bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.