Qədim zamanlarda hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.
1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.
Mussolini hiss etmişdi ki, əgər güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək. O, rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)