Abbas ibn Firnas
Abbas ibn Firnas və ya Abbas Abu Al-Qasim ibn Firnas (ərəb. عباس بن فرناس; d.810 – ö.887) — müsəlman bərbər-əndəlus intellektualı, ixtiraçısı, fizik və mühəndisi.. Həm də musiqiçi və şair olmuşdur.
Bərbər mənşəli Firnas Əndəlusun İzn-Rand-Onda məntəqəsində (Ronda, İspaniya) anadan olmuş və Kordova əmirliyində yaşamışdır.
İbn Firnas Əl-Maqata adlanan su saatı və bir neçə metronom düzəltmiş, rəngsiz şüşə istehsalı texnologiyasını hazırlamış, müxtəlif şüşə planisferlər ixtira etmişdi. O həm də müxtəlif linzalar (“oxuma daşları”) hazırlamış, planetlərin və ulduzların hərəkətini əyani şəkildə göstərən üzüklər zənciri düzəltmişdi. İbn Firnas tərəfindən dağ büllurunun emalı prosesinin təkmilləşdirilməsi nəticəsində, artıq bu büllurun emal üçün Misirə göndərilməsinə ehtiyac qalmadı.
Öz evində alim xüsusi otaqda ulduz, bulud və ildırım modellərini quraşdırmışdı və bütün bu modellər zirzəmidə olan xüsusi mexanizmlərin köməyi ilə hərəkətə gətirilirdi.
Mərakeşli tarixçi Əhməd Məhəmməd əl-Məqqari yazır ki, ibn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, “bir qədər uçduqdan sonra enməyə başlamış və enmə zamanı xəsarət almışdı” və söyləmişdi ki, aparataın quyruq hissəsi olmadığından o uğursuz eniş etmişdir. Bu hadisənin 875-ci ildə baş verməsi güman edilir.