Ömər Eldarov
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.