Heraldika
Heraldika — ən qədim dövrdən mövcud olmuş gerb, möhür, emblem və nişanları öyrənən köməkçi tarix elmi, gerbşünaslıq.
== Tarixi ==
Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemlərdə deyil, qravür və miniatürlərdədə əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr.