Heterostruktur
Heterostruktur – yarımkeçiricilər fizikasında termin olub, qadağan olunmuş zolağının eni müxtəlif olan yarımkeçiricilərdən ibarət, altlıq üzərində yetişdirilmiş laylı strukturları ifadə edir. İki müxtəlif yarımkeçirici arasında heterokeçid yaranır burada yükdaşıyıcıların yüksək konsentrasiyası və bunun nəticəsində cırlaşmış ikiölçülü elektron qazı yaranır. Əgər yarımkeçiricilərin hər ikisi eyni tiplidirsə, izotip heterokeçid alınır, əgər yarımkeçiricilər müxtəlif tiplidirsə, anizotip heterokeçid yaranır. Yarımkeçiricilərin keçid sərhəddində qadağan olunmuş zolağın eni, yükdaşıyıcıların yürüklüyü, effektiv kütləsi və digər xarakteristikaları dəyişilir. Kəskin heterokeçiddə xassələrin dəyişilməsi həcmi yüklər oblastının eni tərtibində, və ya ondan kiçik məsafələrdə baş verir. Müxtəlif heterokeçidlərin və monokeçidlərin kombinasiyası heterostrukturlar adlanır.
Heterokeçidin yaranması ancaq kontakta gətirilmiş maddələrin kristal qəfəslərinin tiplərinin, istiqamətlərinin və qəfəs sabitlərinin üst-üstə düşməsi, və ya az fərqlənməsi zamanı mümkündür. Digər tərəfdən ideal heterokeçiddə keçid oblastı struktur və digər defektlərdən (dislokasiyalardan, nöqtəvi defektlərdən və s.), mexaniki gərginliklərdən azad olmalıdır. Heterokeçidin yaradılması zamanı və hazırlanmış heterokeçidin keyfiyyətliliyi üçün qəfəs sabitindən (a) əlavə, maddələrin dielektrik nüfuzluğunu və elektrona hərislik enerjisini (χ), maddələrin çıxış işini (U) bilmək lazımdır. Homokeçidlərdən fərqli olaraq heterokeçidlər valent və keçirici zonanın lazımi potensial profilini yaratmaq üçün daha böyük mütəhərrikliyə malikdirlər.