Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti.
Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir.
1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.