Nazim Hüseynov (hidrometeoroloq)
Nazim Hüseynov (17 iyul 1961, Behrud, Ordubad rayonu) — Hidrometeoroloq. Texnika elmləri doktoru, professor.[mənbə göstərin]
Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə
texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir.