HİYLƏ [Nailə:] Ey xalq, hiyləni bilirəm, yeni içki, qumar eşqi başına vurub, bizdən pul qoparmaq istəyirsən (A.Şaiq); AL (kl.əd.) (köhn.) Canım aldın mey üçün, saqi, içirin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin (Füzuli); BADALAQ (məc.) Bir badalaq lazımdır, özü də çox balaca.. (N.Vəzirov); BİCLİK, FƏND Balağa ehtiyatlı tərpəndi. Bildiyi fəndləri, biclikləri işə saldı (H.Abbaszadə); ƏMƏL (məc.) Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun (Ə.Haqverdiyev); FEL (məc.) Tanrının, Allahın sözünə baxar; Şeytanın felinə uymaz bu dünya (Z.Yaqub); FIRILDAQ (dan.) Üç ay keçdi... Nəhayət fırıldaqlar, hiylələr; Gördü, hədərdir, hədər (B.Vahabzadə); HOQQA (məc.) Salamov: ..bütün hoqqalar mədənlər üstündədir (C.Cabbarlı); KƏLƏK (dan.) Reyhan: Sən məni belə oxşayanda qorxuram; də görüm nə kələyin var? (M.İbrahimov); MƏKR Bu təndürüst simada elə bil məkrlə məhəbbətin, xəyanətlə sədaqətin vəhdətini gördü (B.Bayramov); QURĞU (məc.) Hilal xanım: Bir müddət sonra mənə aydın oldu ki, bu qurğunu quran, tapançanı evimizə atan sənin öz “dostun” imiş (B.Bayramov); NÖMRƏ Yox, balam, deyəsən nömrəynən bunu başa vermək olmayacaq (Ə.Əbülhəsən); TƏLƏ (məc.) Safo: Demək bu dünyada qurulmuş minlərlə tələlərdən çıxmaq lazımdır (S.Rəhimov).