Birhüceyrəlilər və ibtidailər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota).
İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır.
== Protista ==
Protista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir.