İGİD, QƏHRƏMAN Orda məğrur baxışında şimşəklər çaxan; İnqilabçı qəhrəmanlar, igidlər yatır (Ə.Cəmil); ASLAN (məc.) Bu dağlar qoynunda aslan yatmışdır; Burda Koroğlular at oynatmışdır (S.Vurğun); BAHADIR (tənt.) Alp Aruz Oğuz bahadırları kimi azmandır, iridir... (Anar); CƏSARƏTLİ Yaşar cəsarətli olmağa çalışırdı (M.Rzaquluzadə); CƏSUR, QOÇAQ Dərhal Həmzə Güləbətinin gözünə başqa cür göründü – qəhrəman, cəsur, qoçaq (M.İbrahimov); DƏLİ (məc.) Dəmirçioğlu dəlilərlə dostlaşıb Koroğlunun arxası, köməyi oldu (“Koroğlu”); DƏLİQANLI İrəliyə doğru şığıyan dəliqanlı və Girdman hökmdarı Varazın oğlu Cavanşir idi (M.Hüseyn); DÖŞÜDOLU (dial.) Səməd döşüdolu oğuldu (ADDL); ƏR (məc., köhn.) Təriqət külünü Şah Əli seçdi; Şu dünyadan neçə yüz min ər keçdi (Xətayi); ƏRƏN (köhn.) Ərənlər bu yolda hazırdır, hazır; Müsahib lövhəni dəftərdən yazır (Xətayi); QOÇ (məc.) Sən ey rus şerinin qoç sərkərdəsi; Dönməz insanların azadlıq səsi! (M.Rahim); QORXMAZ Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzirmiş (A.Şaiq); MƏRD Uçun, ey vətənin rüzgar qanadlı; Şahin təbiətli mərd oğulları! (Ə.Cəmil); PƏHLƏVAN [Məsumə:] Feyzi kimisi əziz olsun. Musa kimi pəhləvan ucuz?! (B.Bayramov); RƏŞİD (köhn.) Heydər bəy: Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir: məgər handa rəşid və qoçaq adam cürət edib, bir yük, iki yük çıxarda bilər (M.F.Axundzadə); ŞİR, PƏLƏNG (məc.) Anadan doğulub Nəbi şir, pələng (M.Rahim); ÜRƏKLİ Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad, ürəkli bir qadın idi (S.S.Axundov); RƏŞADƏTLİ.