sif. 1. Birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq (son qarşılığı). İlk uşaq. İlk təəssürat. İlk əsər. İlk sıra.
– [Səmirə:] İlk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım. M.Hüseyn.
Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi. İ.Əfəndiyev.
□ İlk bahar – bax
bahar.
// Lap birinci, lap əvvəl.
Onun təpəsində ilk gündən mənim; Buludlar içində durur məskənim. M.Rahim.
Əşrəf Nazlını ilk görən günü sevdi. S.Rəhman.
// Əvvəl, başlanğıc, ibtida.
Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun.
2. Başlıca, əsas, ən vacib, ən mühüm.
Elimin olsa da aslan ürəyi; Ehtiyatdır igidin ilk bəzəyi. A.Şaiq.
3. İlki şəklində – ananın ilk uşağı, övladı. Hər kimin ilki dursa, mülkü də durar. (
Ata. sözü ).
[Diyar kişi:] İlkim oğul olsaydı, indi mən də kəndin ən varlı adamı idim. Ə.Məmmədxanlı.
Bahadır ilkiydi Rüstəm kişinin; Qamətdə, cüssədə sanki özüydü. B.Vahabzadə.
◊ İlk baxışda (nəzərdə) –
1) əvvəlcə.
[Muradın] ilk baxışda gözlərinə inanmağı gəlmədi… “Bəlkə azmışam”, – deyə zənn etdi. S.Hüseyn;
2) baxan kimi, görən kimi.
Öylə bir incə şeirsən ki, sana; Ürəyim ilk baxışda bağlandı. A.Şaiq.
Ormanlar içində durur Talıstan; Ona ilk baxışda vurulur insan!… S.Vurğun.
İlk baxışdan – dərhal, üzünə baxan kimi.
Qarının yanındakı ağbəniz cavanın naxoş olduğu ilk baxışdan məlum idi. Mir Cəlal.
İlk dəfə – birinci dəfə, əvvəlinci dəfə.
Əsmər həyatında ilk dəfə olaraq əsəbiləşmişdi. S.Hüseyn.
Həyata ilk dəfə baxandan bəri; Göz yaşı görməmiş ala gözləri. S.Vurğun.
Elçinin və xüsusilə, ova ilk dəfə gəlmiş Tofiqin səbri tükənmişdi. M.Rzaquluzadə.
İlk əldə – birinci növbədə, hər şeydən qabaq, dərhal.
Mənim ilk eşqimi, ilk əldə haman; Gömdülər, bilmədim amma nərəyə! Ə.Cavad.
İlk öncə – ən birinci olaraq, əvvəlcə.
Mən gurultu qoparmağı ilk öncə; Alov gözlü şimşəklərdən öyrəndim. M.Müşfiq.
İnsanlar dəstə-dəstə köçüb Taxça-Taşa; İlk öncə düşündülər: məktəbsiz şəhər olmaz. S.Rüstəm.
İlk söz – giriş, giriş sözü, başlanğıc, müqəddimə.