Emin Hüseynov (iqtisadçı)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018).
Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur.
2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır.
Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.