Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi — Azərbaycan milli ordusu istehkam bölmələrinin formalaşmasına, təlim-tərbiyəsinə, istehkam və digər hərbi xarakterli tikinti işlərinin aparılmasına rəhbərlik edən orqan.
== Yaradılması ==
1918-ci il, noyabr 15-də Ümumi Qərargahın şöbəsi kimi yaradılmışdı. Qoşun hissələrinin təşkilinin sürətləndirilməsi ilə əlaqədar 1919-cu ilin əvvəlində İstehkam şöbəsinin strukturu və səlahiyyəti genişləndirildi. Onun bazasında İstehkam idarəsi yaradıldı və bu struktur Ümumi Qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi.
== Strukturu ==
İstehkam idarəsi iki şöbədən ibarət idi: İstehkam və mənzil şöbələri. İstehkam şöbəsi idarənin şəxsi heyətinin, ordunun bütün istehkam bölmələrinin və hərbi hissələrinin istehkam ləvazimatı ilə təmin edilməsi, qala və mövqe tikililərin layihələşdirilməsi və icrası, yolların, körpülərin, maneələrin və digər istehkam qurğularının layihələşdirilməsi və qurulması, mənzil şöbəsi isə yeni hərbi düşərgələrin və bütünlüklə hərbi nazirliyin binalarının tikintisi, yenidən qurulması və təmiri, mövcud su xətlərinin bərpası və yenilərinin çəkilməsi, hərbi nazirliyin idarələri, müəssisələri və hissələri üçün binaların kirayə edilməsi ilə məşğul olmalı idi. Ümumi qərargahın tərkibindən çıxarıldıqdan sonra Topçu və İstehkam idarələrinin, həmçinin topçu və istehkam anbarlarının fəaliyyətinə nəzarət hərbi nazirin müavini Əliağa Şıxlinskiyə həvalə olunmuşdu. 1919 il avqustun 16-da polkovnik Savlin xidmətdən tərxis olunduğu üçün İstehkam idarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq mühəndis Zübeyir bəy Teymurxanov icra etdi. Həmin il avqustun 31-də bu vəzifəyə general-leytenant Tarxanov təyin olundu.
1920-ci ilin martında təchizat və təminat orqanlarında islahatların aparılması ilə əlaqədar İstehkam idarəsi Azərbaycan ordusu təchizat rəisi idarəsinin tərkibinə daxil edildi.