Albizia julibrissin
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir.
== Botaniki təsviri ==
Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.