Lalə Cəfərova
Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021). Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır.
== Həyatı və karyerası ==
Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur.
Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.