Təxminən VI əsrdə müasir Avstriyanın ərazisində yaşayan german tayfalarından birinin üzvləri özlərini lanqobard adlandırırdı. Lanqobardlar 600-cü ildə Şimali İtaliyanı tutaraq Mərkəzi İtaliyanın bəzi şəhərlərində də möhkəmləndilər. İtaliyalılar tayfanın adını təhrif edərək onun üzvlərini lombardlılar, krallıqlarını isə Lombardiya adlandırdılar.
Orta əsrlərin son çağlarında İtaliyanın ticarət şəhərlərində birdən anladılar ki, sələmçilik və bank fəaliyyəti çiçəklənmənin zəruri şərtlərindən biri olmaqla yanaşı, həm də olduqca gəlirli bir sahədir. Buna görə də kilsənin qadağalarına baxmayaraq, bu işlə məşğul olmağa başladılar. Sələmçilikdə ən çox uğur qazananlar lombardlılar idi. Bu biznesin növlərindən biri qiymətli əşyaların – paltardan tutmuş üzüyə qədər – girov qoyulması qarşılığında borc pul verilməsi idi. Lombardlılar bu işdə elə məşhurlaşdılar ki, “lombardlı” sözü “bankir” və ya “müxtəlif əşyaları girov alıb əvəzində borc pul verən insan” mənasını verməyə başladı.
Sələmçinin dükanı, təbii ki, insanların girov qoyduğu müxtəlif əşyaların yığıldığı bir yer idi. Sonralar “müxtəlif əşyaları girov qoymaq müqabilində borc götürülə biləcək yer” mənasını verən “lombard” sözü yarandı. (Ayzek Azimov. Sözlərin tarixi)