Loğman Kərimov
Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru, ssenari müəllifi.
Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.
L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.