Avey məbədi
Avey monastırı və ya Ay məbədi — Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən Alban məbəd kompleksi. Kompleks Avey dağının zirvəsində, dəniz səviyyəsindən 922 metr, dağ ətəyindən isə 420 metr yüksəklikdə yerləşir. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Məbəd kompleksinə iki kilsə, sovməə, qala divarları və bir neçə köməkçi tikililər daxildir. Kompleksin şimal tərəfindən yerləşən kilsə planda düzbucaqlı formaya malik olmaqla, yarımdairəvi tağ-tavanla örtülmüşdür. Cənub tərəfdə yerləşən günbəzli kilsə xaricdən düzbucaqlı, daxildən isə xaçvari plana malikdir.
== Tarixi ==
Məbəd erkən xristianlıq dövrünə (V-VII əsrlər) aid edilsə də, memarlıq üslübuna görə əsasən, Roma və ellinizm mədəni abidələrini xatırladır. Belə bir iddia var ki, məbəd yunan mifologiyasında Ay ilahəsi Selenanın şərəfinə inşa edilib. Görkəmli tarixçi Qiyasəddin Qeybullayevin fikrincə, "Avey" sözü "Ay evi" mənasını verir ki, bu da Selenaya həsr olunması versiyasını gücləndirir.
Bir digər versiyaya görə, bura ov yeri olub. Məbədin həyətində qəbirlər aşkar edilib.