Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri.
== Həyatı ==
ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub.
Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub.
Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib.
== Yaradıcılıq fəaliyyəti ==
Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb.
Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.