Məhəmməd Nəbi oğlu Əsədov (5 dekabr 1941, Baharlı, Zəngilan rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının dövlət xadimi, milis general-mayoru, Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri (1991), Azərbaycanın daxili i̇şlər naziri (1990–1991). O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində ölmüşdür.[1]
Məhəmməd Əsədov | |
---|---|
13 noyabr 1991 – 20 noyabr 1991 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
17 aprel 1990 – 13 noyabr 1991 | |
Əvvəlki | Aydın Məmmədov |
Sonrakı | Tofiq Kərimov |
5 fevral 1991-ci ilədək Azərbaycan SSR daxili işlər naziri kimi | |
1989 – 1990 | |
Əvvəlki | Arif Rəhimzadə |
26 avqust 1988 – 1989 | |
Əvvəlki | A. Baxışov |
1983 – 1986 | |
Əvvəlki | Vahid İsmayılov |
1978 – 1980 | |
Əvvəlki | Hürü Mehrəliyeva |
Sonrakı | Məmməd Nağıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991 (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub.[2] O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etmişdir.[3] 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.[2] 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib.[2] 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə betonçu kimi işləyib.[4] 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967–1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.[2] 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.[2]
Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və "Maliyyə və kredit" fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisası üzrə tam kursunu bitirib.[2] 1973–1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975–1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib.[2]
1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib.[2] Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib.[2] 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.[2] 1983–1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.[2][3] 1986–1988-ci illərdə Məhəmməd Əsədov Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedir.[4] Oradan qayıdanda o qeyd edirdi:
Xankəndidə elə bil Azərbaycan hökuməti yoxdur, ermənilər necə istəyir, o cür də hərəkət edirlər.[4] |
İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.[2] 1988–1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir.[2] İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır. 1989–1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.[4]
Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir.[2] Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi.[5] O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır.[5] Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir.[5] DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.[5]
1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir.[2] 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır.[2] Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.[2] Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir.[5] Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir.[5] General Ramiz Məmmədovun xatirələrindən:
Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya vasitəsi ilə danışıqlar zamanı onun gizli kodu “Черный полковник” (azərb. Qara polkovnik) idi.[5] |
Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli № 2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.[5]
1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur.[6] Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.[6] İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşayiət etməli idi.[6] Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.[6]
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu.[7] Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır.[7] Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı.[7] Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi.[7] Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.[7]
Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi.[8][9] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[9] İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.[10]
Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar.[11] Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar.[11] Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:[11]
Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar.[11] |
Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi.[11] Jurnalistin fikrincə, vertolyotun içində atışma olub.[11] Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi.[11] Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.[4]
Məhəmməd Əsədov Məleykə xanım ilə 1968-ci il noyabrın 17-də ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[3][4][12] Nazim, Rasim və Natiq adlı oğulları yagidar qalıb.[12]
Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat və Bakıda Xətai rayon 29 saylı tam orta məktəb onun adını daşıyır.[13] Məktəbin həyətində Məhəmməd Əsədovun büstü ucaldılıb.[13] Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə onun adını daşıyır. "Nicat" cəmiyyəti tərəfindən adına mükafat təsis edilmişdir.[14]
Şair Oqtay Zəngilanlı Məhəmməd Əsədova "Ağlayır ana Zəngilan" şeirini həsr etmişdir.[13]