Mart hadisələri
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.
Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.