Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi.
XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı.
1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir".
Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular.
Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar.
Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.