MDB
Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır.
== Yaranma tarixi ==
İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.