Abdulla Mehrabov
Abdulla Oruc oğlu Mehrabov (1 may 1938, Saraçlı, Lüksemburq rayonu – 30 may 2015) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru (2001–2013).
Abdulla Mehrabov 1938-ci il mayın 1-də Saraçlı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun " İstilik fizikası " kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.
1964–1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında " Bərk cisimlər fizikası " ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl " Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1967-ci ildən 1975-ci ilədək, Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb.
1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktoluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru — alimlik dərəcəsi alıb.