Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (doğum adı: Mikayıl Cabbar oğlu Zeynalov; 21 mart 1924, Traubenfeld, Qazax qəzası – 12 oktyabr 1990, Tovuz rayonu) — aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1989).
Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.
Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında "Coşğun" təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.
Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri", "Azaflı müxəmməsi", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur.
Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V. M. Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu.