Dinamo stadionu (Minsk)
Dinamo stadionu (belar. Стадыён Дынама) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən çoxməqsədli stadion. Stadionda hazırda yenidənqurma işləri davam edir. Əvvəllər bu stadion əsasən futbol qarşılaşmaları üçün istifadə olunurdu və Dinamo Minsk, Minsk, həmçinin Belarus milli futbol komandasına ev sahibliyi etmişdir. Rəsmi olaraq stadionun tutumu 40,000 nəfər göstərilsə də, 1990-cı illərin ortalarında təhlükəsizlik məqsədləri üçün stadionun yuxarı hissəsi ləğv olunmuş və azarkeş tutumu 34,000 nəfərə qədər azaldılmışdır.
== Tarixi ==
Dinamo stadionu ilk dəfə 1934-cü ildə konstruksiya olunmuş və fəaliyyətə başlamışdır. Sonradan, 1939-cu ildə ilkin yenidənqurma işləri nəticəsində stadionun tutumu artırılmışdır. Stadion İkinci dünya müharibəsi illərində dağıntılara məruz qalmış, yalnız müharibə başa çatdıqdan sonra 1947-1954-cü illəri aralığında təmir olunmuşdur. 1978-1980-ci illər aralığında 1980 Yay Olimpiya Oyunları məqsədilə bir daha təmir olunan stadion, 2012-ci ilin oktyabr ayında növbəti dəfə təmir işləri məqsədilə müvəqqəti olaraq qapadılmışdır. Stadionun Minsk şəhərində baş tutacaq 2019 Avropa Oyunlarına qədər tam hazır olacağı gözlənilir.