Azərbaycanın morfoskulpturları və mofostrukturları
Azərbaycan ərazisinin morfoskulpturları
== Nival – qlyasial proseslər və relyef formaları ==
Cənub-Şərqi Qafqazın qədim buzlaşma problemi ilə XIX əsrin axırlarında və XX əsrin əvvəllərində bir sıra tədqiqatçılar məşğul olmuşlar. Bu problem eyni zamanda bütün Qafqaz regionunu əhatə etməklə klassik dördüncü dövr Alp buzlaşma sxemi ilə eyniləşdirilirdi. Bir çox hallarda genetik cəhətdən moren ilə əlaqəsi olmayan çöküntülər harada təsadüf etməsinin fərqinə varmadan buzlaq çöküntüləri kimi qeyd olunurdu.
Qafqazın buzlaq relyef formaları və ümumiyyətlə buzlaşma problemləri XX əsrin elmi çoğrafi ədəbiyyatlarında geniş tədqiqat obyekti olmuşdur. 1950-1980-cı illərdə bu problemdəki yeniliklər və dəqiqləşmələr N.B.Dumitraşko, B.Ə.Budaqov (1957) D.A.Lilienberq (1959), B.Ə.Budaqov (1957, 1965, 1973, 1977, 1982) İ.E.Mərdanov (1978), M.A.Müseyibov, Ə.B.Məmmədov (1976), N.Ş.Şirinov, S.N.Dotduev (1976) və b. əsərlərində öz əksini tapmışdır.
Buzlaşma probleminin tədqiqinin ilk mərhələlərindən başlayaraq indiyə qədər buzlaşmaların sayı məsələsi daima mübahisəli olaraq qalmaqdadır. Bu problem Böyük Qafqazda bir sıra tədqiqatçılar tərəfindən dərindən öyrənilmişdir. Son dövrlərdə yuxarıda adları çəkilən tədqiqatçılar bu məsələdə ümumi fikrə gələ bilmişlər. Bu, əsasən, onunla bağlı olmuşdur ki, dördüncü dövr buzlaşmasının izləri bu ərazidə daha yaxşı saxlanılmışdır.