Azərbaycan Məclisi Müəssisanı
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır.
== Tarixi ==
=== Yaradılması ===
1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.
Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.