İsmayıl İsmayılov (nasir)
İsmayıl Ələsgər oğlu İsmayılov (28 may 1924, İrəvan – 23 oktyabr 2003, Bakı) — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1969), Əməkdar jurnalist (1985).
== Həyatı ==
İsmayıl İsmayılov 1924-cü il mayın 28-də İrəvanda bağban ailəsində doğulmuşdur. 1941-ci ildə burada orta məktəbi bitirmişdir. İkinci Dünya müharibəsi başlayan il səfərbərliyə alınmışdır: onun döyüş yolu Novorossiysk şəhəri uğrunda qanlı vuruşmalardan başlamış, Polşa, Çexoslovakiya və Almaniya ölkələrinin alınması ilə sona çatmışdır (1942–1946). 1947-ci ildə ordudan tərxis olunmuş, 1948–1953-cü illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasıbda ədəbi işçi, stilist vəzifələrində işləmişdir. 1953-cü ildən Ermənistan Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan dilində radio verilişləri redaksiyasına redaktor təyin olunmuşdur. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı Ermənistanı tərk etmişdir. Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun oçerk və hekayələri "Sovet Ermənistanı" qəzetində, "Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Onun heyakə və povestləri "Drujinaçı" (1965), "Müasirlərimiz" (1970), "Doğrulmayan etimad" (1978) kitablarında kütləvi tiraja buraxılmışdır.