is. [
fars. ]
1. Əsər, əlamət, iz.
Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi.
Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət.
Coşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var. Ə.Cavad.
□ Nişan qoymaq – sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq. Kitabın səhifələrinə nişan qoymaq.
– İndidən çıxın, otaq seçin, nişan qoyun! Hazır olan kimi ora köçün! Mir Cəlal.
Nişan vermək – tanıtmaq, göstərmək, bildirmək, adını vermək.
[Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə.
[ H.Ərəblinskini ] “böyük artist” – deyə bir-birinə nişan verirdilər. S.Rəhman.
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə.
Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”.
[Hacı Mehdi:] Övrətin bir para nişanların [Gülpəriyə] sadaladım. Ə.Haqverdiyev.
// Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. Üzündə qılınc yarasının nişanı var. Qolunda güllə nişanı var.
3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. Nişanı vurmaq.
□ Nişan almaq (götürmək) – silahı hədəfə tuşlamaq, yönəltmək.
[İlyas:] Mən irəli atıldım və bir qızdırma içərisində Tərlanın altındakı qaşqanı nişan alaraq, lap yaxında tətiyi çəkdim. Ə.Məmmədxanlı.
Nişan alıb ox atmağı, nə çarə; Daş ürəkli mələklərdən öyrəndim. M.Müşfiq.
Nişana qoyub atmaq – hədəf edib güllə ilə vurmaq. Ovçu ov tapmayanda öz papağını nişana qoyub atar. (
Ata. sözü ).
4. bax
nişangah 2-ci mənada.
5. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Universitet nişanı. Döş nişanı. Qızıl nişan.
– Səttarzadə Gəldiyevin döşündəki … nişanına baxıb dedi: – Yaxşı igid dayısına çəkər. Mir Cəlal.
6. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. Nişan üzüyü. Nişan xonçası. Nişan paltarı.
– [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid.
[Yunis Yaquta:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı.
□ Nişan qoymaq (taxmaq, vermək, aparmaq) – qızı nişanlamaq, üzük vermək, ad eləmək.
[Sultan bəy:] …Bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Ü.Hacıbəyov.
Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal.