Nəzirməmməd Zöhrablı
Nəzirməmməd Zöhrablı (tam adı:Nəzirməmməd Cankişi oğlu Quliyev) — Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü.
== Həyatı ==
Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib.
1993-cü ildən etibarən ölkə miqyaslı "Odlar Yurdu", "Respublika", "Panorama", "Yeni Zaman", "Vətəndaş Həmrəyliyi", "Xəzər" qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor, sabiq özəl "Loğman" Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, Qaynar tv-də redaktor vəzifələrində işləyib.
Yüzlərlə publisistik məqalənin, "Üçrəngli bayrağa bürünmüş şairə", "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı…" və "İgid ömrü" kitablarının müəllifi, "Həsən bəy Zərdabi və "Əkinçi", "Şuşa və Ağdamın Turizm Potensialı", ""Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Bir neçə kitabın, o cümlədən şair M. Yaqubun 75 yaşı münasibətilə işıq üzü görmüş "Dövrün dəyirmanı", "Sevgi şeirləri", "İndi bildim nağıldı…", "Gərək bu sözümü daşlara yazam" kitablarının, həmçinin şairin yaradıcılığına həsr olunan "Qara daşın sədası", Alim Məhərrəmlinin "Hardasan, evi tikilmiş…", şairə Təranə Dəmirin şair Qulu Ağsəsin yaradıcılığından bəhs edən "Üşüyəndə özünü yandıran şair", İtalyan satirik-yazıçısı, şair, dramaturq, kino xadimi və jurnalist Stefano Benninin “Tanrının qrammatikası” adı altında ümumiləşdirilmiş "Yalnızlıq və şən hekayələr", Moskvada yaşayan həmyerlimiz, detektiv yazıçı Elçin Qasanovun "Azəri qızı Yerevanda" kitablarının, eləcə də Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", "Qələbənin səcdəgahı", Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçısı Mark Levinin "Hardasan", Ukrayna yazıçısı Pavel Zaqrebelnının məşhur Hürrəm Sultandan bəhs edən "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin "11/22/63" romanı, Fransız yazıçısı Frederik Beqbederin "Ona və Selincer", məşhur detektiv yazıçı Aqata Kristinin "Quzğun yuvası" s. kitabların azərbaycancaya tərcümələrinin redaktorudur. Söz azadlığının, Azərbaycan dilinin qorunmasını, çağdaş jurnalistikanın inkişafını stimullaşdıracaq bir sıra layihələrin müəllifidir.