Ofiolitlər
== Ofiolitlər ==
Müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır. Rus ədəbiyyatında bu termini işlətmək məsləhət görülməsə də (çünki assosiasiya müxtəlif mənşəli maqmatik formasiyalar daxildir), geniş (xüsusilə xarici ədəbiyyatda) istifadə olunur. Ofiolitlər kəsilişində, süxurların aşağıdakı əmələgəlmə və ya yaranma ardıcılığı müşahidə olunur (aşağıdan yuxarı): 1) serpentinləşmiş dunit və peridotitlər, yaxud hiperbazit və qabbro-amfibolit parçalarından ibarət olan tektonik melanj; 2) qabbro, qabbro-amfibolitlər, qabbro-miqmatitlər (bəzən diorit və plaqioqranit ilə); 3) çoxsaylı diabaz daykaları ilə yarılmış amfibolitlər; 4) diabaz və spilitlər, pillou lavalar və onlarla növbələşən kvarsit layları və b. İlk dəfə ofiolit süxur assosiasiya təsvir edən Lotti (1886) və b. hesab edirdi ki, onlar ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının (geosinklinallar) orogendən əvvəlki etapında yer qabığının yuxarı təbəqələrinə soxulması nəticəsində yaranmışdır. De Rover (De Rover, 1956) hesab edir ki, mantiya mənşəli maqma, böyuk dərinliklərdə kristallaşaraq yer qabığının yuxarı təbəqələrinə süxur şəklində sıxışdırılmışdır, yəni protruziya olunmuşdur. Sonralar Hess (Hess, 1964), Peyve (1969) və b. ofiolit assosiasiya okean qabığı kimi qəbul etmiş və qitələrin qırışıqlıq zonalarının ofiolit assosiasiyanı qədim okean qalıqları hesab edərək onların müasir okean ofiolit assosiasiya ilə uyğun olduğunu göstərmişlər.