Hümmət Partiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı.
== Tarixi ==
=== Yaradılması ===
1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi.
Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı.
Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar.
Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.