Elektron hökumət portalı (Azərbaycan)
"E-hökumət" layihəsi — "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003–2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
"Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması
Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
E-hökumət portalı
E-hökumət şlüzü
İnformasiya resursları və sistemlərinin dövlət reyestri
E-imza üzrə milli infrastruktur
E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)
Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.
"myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/intro/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.
Portalın funksiyaları:
1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması.
2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.