Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın xeyriyyə idarəsinin portalı — Azərbaycanın paytaxtı Bakıda, İçərişəhər yaxınlığında, Filarmoniya bağında yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi.
Seyid Sədullanın xeyriyyə idarəsinin portalı | |
---|---|
Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın xeyriyyə idarəsinin portalı | |
40°21′49″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Bakı |
Rayon | Səbail |
Yerləşir | Filarmoniya bağı, Səbail, Bakı, Azərbaycan |
Aidiyyatı | Mədəniyyət Nazirliyi |
Memar | Ramazan əş-Şirvaninin oğlu Əxi |
Sifarişçi | Seyid Cəmaləddinin oğlu Seyid Sədulla |
Tikilmə tarixi | h. 786 / m. 1384 |
İstinad nöm. | 137–1 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Filarmoniya bağındakı bu abidə sufi şeyxi Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın tikdirdiyi və o dövrdə xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş binanın qorunub saxlanılmış portalından ibarətdir. Tikilinin üzərində bu abidənin tarixi və fəaliyyəti haqqında bir neçə kitabə var.
Kitabələrdəki yazılarda Seyid Cəmaləddinin və Seyid Sədullanın adları çəkilir. Bunlar tarixi şəxsiyyətlərdir. Seyid Cəmaləddin, tarixi mənbəıərə əsasən, Eynəzzaman Cəmaləddin Gilidir (yəni, Gilanlıdır). O, Şeyx Səfinin Şeyx Zahid adıyla tanınmış ustadı Tacəddin İbrahimin mürşüdü (müəllimi) olmuşdur. Həyatının çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi (tələbəsi, davamçısı) Seyid Sədullanı Bakıya göndərmişdir.
Hazırda Lənkəran-Astara yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerli camaat tərəfindən "Seyid Cəmaləddin piri" adlanan abidə var.
Abidənin üzərində bir neçə yazılı daş kitabə yerləşir. Portalın sol tərəfində iki yazılı daş kitabə var. Birinin tərcüməsi belədir: "Bu binanı tikdi Ramazan əş-Şirvaninin oğlu Əxi, müqəddəs rəcəb ayında h. 786” [a]
Orada yerləşən ikinci daş kitabədəki yazının tərcüməsi belədir: "Peyğəmbər - ona salam olsun - dedi: - Allaha inananlar ziyarət edilir və Allah onları pis işdən uzaqlaşdırır".
Qapının üzərində yerləşən daş kitabədəki yazıda isə belə deyilir: "Bu müqəddəs xeyriyyə idarəsinin bina olunmasına peyğəmbərliyin məşəli, risalətin tacı Seyid Cəmaləddinin oğlu, seyidlərin görkəmlisi, xeyrat sahibi (Allahın mərhəmətinə çatmış) Seyid Sədulla əmr etmişdir".
Abidənin sağ tərəfində Quranın 33-cü (Əhzab) surəsinin 33-cü (Təthir) ayəsi və 6-cı (Ənam) surənin 90-cı ayəsi yazılmışdır:
لِیُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَیۡتِ وَیُطَهِّرَكُمۡ تَطۡهِیرࣰا
Liyəzhibə ‘ankumur-ricsə əhləl-beyti və yutahhirakum tahiran
Ey ev əhli! (Allah) sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək (istəyir)[b]
قُل لَّاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ
Qul lə əs'əlukum aleyhi
De ki, sizdən (heç bir qarşılıq) istəmir.[c]
Bir kitabədə isə İslam peyğəmbəri Məhəmmədin bu hədisi qeyd edilib:
قال النبي عليه السلام أحبوا اولادي الصالحون لله والطالحون لي.
Peyğəmbər əleyhissalam belə buyurdu: Övladlarımı sevin. Salehləri Allah xətrinə, günahkarları da mənim xətrimə.
İçərişəhər DTMQ İdarəsinin Nazirlər Kabinetinə 22.10.2009-cu il tarixli 021544 nömrəli təqdim etdiyi yeni siyahısında "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" bölümündə bu abidə "Seyyid Cəmaləddinin oğlu Seyyid Səədullanın xeyriyyə idarəsinin portalı (h. 786 = 1384-cü il)" adı ilə sayca 39-cu olaraq əlavə edilib.
2009-cu ildə Filarmoniya bağında aparılan abadlıq və yenidənqurma işlərindən sonra o ərazidə kafe fəaliyyətə başlamış, tarixi abidədə isə ödənişli ictimai tualet açılıb.
Tarixi abidənin içərisində ictimai tualetin yerləşdirilməsi yolverilməz bir hal kimi tənqid edilib. «Tövbə» cəmiyyətinin sədri, cəmiyyətdə daha çox Hacı Əbdül kimi tanınan Əbdül Əbdülov da ayaqyolunun yığışdırılması tələbilə Qafqaz Müsəlmanları İdarəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə şikayət edib.[1]
Bundan sonra 7 iyun 2011-ci ildə abidənin üzərindəki daş kitabələr sökülərək çıxarılmış və yeri hörülüb. Daş kitabələrin götürülməsilə bağlı çayxanada işləyənlər deyiblər ki, ayaqyolu olduğuna görə, "Quran" ayələri yazılan kitabələr burdan götürülüb. Amma həmin kitabələrin hara aparılmasını dəqiq bilməyiblər. Onların gah Tarix Muzeyinə, gah da Arxeologiya və Etnoqrafiya İnstitutuna aparıldığını söyləyiblər. Adıçəkilən institutun direktor müavini Nəcəf Müseyibli Azadlıq Radiosuna deyib ki, həmin kitabələr instituta gətirilməyib. Tarix Muzeyindənsə cavab almaq mümkün olmayıb.[1]
Daş kitabələr əvvəlcə "İçərişəhər" tarixi muzeyinin həyətində yerləşdirilmiş, ardınca isə oradakı tualet ləğv edilərək daş kitabələr də yenidən öz yerinə qaytarılıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, mədrəsə İçərişəhər DTMQ İdarəsinin balansındadır. Qoruğun rəsmisi Rahib Azəri isə bildirib ki, abidə Qala divarlarından kənardadır - bufer zonadadır. Yəni İçərişəhərə aidiyyəti yoxdur.[1]
2015-ci ildə Nazirlər Kabineti tərəfindən tarixi abidə kimi qeydə alınıb.[2]