Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.
Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.